Arı sancması nə vaxt öldürür?

Arılar, əsasən də bal arıları faydalı olduqları qədər təhlükəli də ola bilirlər. Çox maraqlıdır ki, min bir dərdin dərmanı hesab edilən balı düzəldən arının sancması bəzən çox böyük təhlükələrə yol açır. Unutmayın ki, arı sancması allergiyaya meylli olan insanlarda ağır allergik reaksiyanın, hətta anafilaktik şokun inkişafına gətirib çıxarda bilər. Arı sancması həssas uşaqlar üçün daha təhlükəlidir.

Milli.Az e-tibb.az-a istinadən bildirir ki, Səhiyyə Nazirliyinin baş toksikoloqu Azər Maqsudovun dediyinə görə, allergiyası, həssaslığı olanlar bu mənada çox diqqətli olmalıdırlar: “Onlar arılardan özlərini gözləməlidir. Çünki həssas insanların arı sancmasına reaksiyaları çox xoşagəlməz formada üzə çıxır. Bəzi insanlar var ki, onlara vaxtında kömək edilməsə, ölə bilərlər. Təcrübədə belə faktlar var”.

Maraqlıdır, bəs insan arı sancmasına qarşı həssaslığının olub-olmadığını əvvəlcədən necə müəyyən edə bilər? A. Maqsudov deyib ki, bunu öyrənmək üçün qandan nümunə götürüb, spesifik təhlillər aparmaq lazımdır: “Bunun üçün xüsusi müayinədən keçmək tələb olunur. Çox vaxt insanlar bu mövzuda narahat olmur, yalnız arı sancandan sonra həssas olduqlarını bilirlər. Lakin bunu əvvəlcədən də müəyyən etmək olar”.

Bəs arı sancmaları həmişə ziyanlıdır, yoxsa orqanizm üçün müəyyən xeyri var?

Həkimin izahına görə, bal arılarının sancmasının müalicəvi təsirləri var: “Lakin bu, həssas insanlar üçün keçərli deyil. Xalq təbabətində arılardan istifadə edirlər. Məsələn, oynaq, bel ağrılarında, revmatizm xəstəliyində bu sancmaların faydalı təsiri danılmazdır. İnsan əvvəlcə bilməlidir ki, onu eşşək arısı sancıb, ya bal arısı? Çünki yalnız bal arısının müəyyən faydası olur. Eşşək arısının zəhəri isə daha pis reaksiyalara, hətta anafilaktik şoka gətirib çıxarır”.

Toksikoloq, arı sancması zamanı həkimə qədər ilkin yardım barədə də məlumat verib. Onun sözlərinə görə, ilk növbədə arı sancdığı yerə buz qoyulmalıdır: “Arı sancanda elə də ciddi reaksiya yaranmırsa, onda narahatlığa əsas yoxdur. Yox, vəziyyətinizdə hər hansı dəyişiklik olarsa, mütləq həkimə müraciət edin”.