Ağlasığmaz üsullar, dil bilməyən mühacirlərin istismar hekayələri “Yeni Müsavat”da

Bu günlərdə Azərbaycanda saxta mühacir biznesi ilə bağlı qalmaqal yaşanır. Avropada yaşayan bir qrup azərbaycanlının viza, mühacir sənədi düzəltmək üçün yaratdığı biznes şəbəkəsinin detalları barədə yerli media yazıb. Amma bu məsələnin daha qorxunc tərəfləri də var. Belə ki, Avropadakı işbaz şəbəkələr mühacir olmaq istəyən insanları yalan və şirnikləndirici vədlərlə olduqları ölkələrə gətirir, sonra isə istismar edirlər.

Polyak şəbəkə insanları Böyük Britaniyaya çağırır, sonra isə…

“Yeni Müsavat” son günlər Böyük Britaniyada yaşanan bir qalmaqalla bağlı detalları sizinlə bölüşür. Bu qalmaqal mühacir adı ilə xarici ölkələrə getmək istəyənlərin düşəcəyi tələlər barədədir.

Böyük Britaniya polisi növbəti dəfə işədüzəltmə şəbəkəsini çökdürüb. Birminqemdəki məhkəmə 8 polyakı 3 ildən 11 ilə qədər cəzalandırıb. Polşadan olan üç qadın və beş kişi öz həmyerlilərini yüksək məvacib və asan həyat vədləri ilə aldadıb. İnsanlar Böyük Britaniyaya gələndə onlara yüksək məvacibli iş əvəzinə, qurbanlara yarım dağılmış tikilidə nimdaş döşək üzləri və 14-16 saatlıq iş təklif edilib. Bundan başqa, onlar məvacibi də tamamən almayıblar. Məhkəmə prosesi zamanı qurbanlar bildiriblər ki, Böyük Britaniyadakı “bomj”lar onlardan daha yaxşı yaşayırlar. Polisin araşdırmasına görə, qurbanların böyük bir qismi yerdə yatmamaq üçün atılmış döşək üzlərini toplayır və Birminqem kanalında çimirdi.

Dözülməz şəraitdən şikayətlənməyə cəhd edib kişilərdən birinin əlini qırıblar, digərini isə insanların qabağında lüt soyundurublar. Sonuncunu həm də onunla təhdid ediblər ki, növbəti dəfə belə cəhd edərsə, böyrəkləri çıxarılacaq.

Cinayətkarlar qurbanların bank hesabına nəzarət edib, onların məvaciblərini oğurlayıblar. Bununla onlar 2 milyon funt-sterlinq məbləğində pul yığa biliblər. Bandanın hər bir üzvünün bahalı maşınları və gözəl mənzilləri olub.

Cinayətkarlar Polşada aşağı məvacibli, maddi durumu pis olan insanları seçiblər. Bəzənsə türmənin qapıları ağzında yeni namizəd, qurban tapmağa çalışıblar.

Ä°lgili resim

Britaniya polisinin fikrincə, bu, Böyük Britaniya ərazisində müasir quldarlığın ən bariz nümunəsidir. Qurbanların sayı 400-dən artıqdır, amma onlardan cəmi 90 nəfəri məhkəmədə ifadə verib.

Almaniya yerinə ingiltərəyə aparıblar, işə düzəldib, maaşını əlindən alıblar

Almaniyadakı qurbanlardan biri isə öz hekayəsini danışıb. Lukaş bütün yay boyu Polşa sirkində montajçı kimi çalışıb. Amma mövsüm bitib və o, işsiz qalıb. Tanış olduğu bir nəfər ona Almaniyada yaxşı iş təklif edib. Ona avtobusa bilet alıb və ilk vaxtlar üçün otel pulunu da ödəyib. Lukaş onu bir daha görməyib. Avtobusa minəndə isə anlayıb ki, Almaniyaya yox, İngiltərəyə gedir. Amma bu zaman da öz-özünə düşünüb ki, hara getməyin önəmi yoxdur. Əsas məsələ işdir, pul qazanmaqdır.

Avtovağzalda isə onu qaraçı əsilli Polşa vətəndaşı qarşılayıb. O, Lukaşı öz evinə aparıb. Orada da arvadı və uşaqları ilə birgə yaşayırmış. Onun beş qardaşının da öz evləri olub və polyak həmyerlilərini iş üçün ölkələrindən gətizdiriblər.

İlk iki ay tərəvəz fermasında və zavodda zibil çeşidləyici olaraq çalışan polyak görüb ki, onun hamisi kirayə, işıq, su və digər kommunal xərclər üçün gündən-günə daha çox pulunu əlindən alır. Hətta o qədər ki, ona hətta yemək üçün də pul saxlamır. Böyük Britaniyada bu sayaq hekayələr 2018-ci ildə 5000-ə yaxın olub, onlardan 3000-i polyakların payına düşüb.

Sxem necə çalışır?

Himayədar işçini işə gətirir, onu ingilis işəgötürən işlə təmin edir və tamamən vicdanlı şəkildə haqq etdiyi məvacibi da onun hesabına köçürür. Bu məbləğ o qədər nəhəng olmasa da, hökumətin qaçqınlar üçün nəzərdə tutduğu bütün proqramlardan yararlanmaqla yaxşı yaşamaq mümkündür. Amma işçinin bank kartı da pasportu və digər sənədləri kimi himayədarının əlində olur. İşçi ingilis dilində ancaq “yes” və “no” sözlərini bilir. Harasa getmək, kiməsə şikayətlənmək imkanları, demək olar ki, yoxdur. Bundan başqa, qorxu faktoru da onu sakit oturmağa və başına gələnlərə reaksiya verməməyə sövq edir. Çünki ac-yalavac qalsa da, ümid edir ki, bütün hallarda sonda onu azad edəcəklər.

ölkədən getmək ile ilgili görsel sonucu

Xatırladaq ki, bu sayaq qanun pozuntuları nəinki Böyük Britaniyada, bir çox Avropa ölkələrində var. Bu baxımdan da əmək miqrantlarının aldadılması, istismar edilməsi halları hər zaman baş verir. Kasıb ölkələrdən gələn kasıb və qorxmuş insanları daha çox onların öz həmyerliləri istismar edəcək. Amma bu situasiyaya düşmüş insanların yeganə təsəllisi odur ki, polis hər zaman bu sayaq halların üstünü açır, zərərçəkmişlər yerli xəstəxanalarda müalicə oluna bilir. Bu zaman onların sığorta və digər xərclərini işəgötürən həll edir. Amma dil bilgisi olmadan iş birjasına düşmək şansı, demək olar ki, sıfıra bərabərdir.

Bu ilin əvvəlində oxşar dələduzluq əməlinə görə Ukraynada da bir dəstəni yaxalayıblar. Ər, arvad və arvadın anasından ibarət cinayətkar dəstə Ukraynadan Böyük Britaniyaya qızlar gətizdirir, onları otel və barlarda işə düzəldir, böyük məvacib, yaşayış yeri və qidalanma vədi verirmişlər. Reallıqda isə onlara yeməyi və yaşayış yerini işəgötürən verib. İş üçün gedən qızların hər biri onlara bank hesabı açmaları üçün ailəyə etibarnamə verib. Bu da o demək idi ki, qızların bank hesabına nəzarət birbaşa dəstənin əlində idi. İşin üstünün açılması isə ilk iki ayda qızların bank hesabına pul oturmaması ilə açılıb. Zərərçəkən otelə gedərək nə baş verdiyini öyrənməyə çalışanda isə məlum olub ki, bu qızların sayı 40-a yaxındır. Açdıqlarını iddia etdikləri hesab isə, ümumiyyətlə, çalışmır. Əvəzində isə pul başqa hesaba transfer edilib və qızlara bir sent də olsun maaş verilməyib.

Yunanıstanda da məhz bu cür hekayələr tez-tez yaşanır. Buna səbəb də dil bilgisi olmayan insanların belə tələlərə olduqca tez düşməsidir.

ölkədən getmək ile ilgili görsel sonucu

Qadınları isə mühacir adı ilə bu yola yönləndirirlər

Britaniyanın dünyaca məşhur BBC telekanalı isə 2017-ci ildə Avropa qitəsinə səs salacaq, olduqca maraqlı bir reportaj hazırlamışdı. “Satılan insanlar” başlıqlı araşdırmada Şərqi Avropa ölkələrindən aldadılaraq qitənin qərbinə gətirilən və zorla fahişəliyə cəlb olunan qadınlardan bəhs edilir.

Prosesin nə cür və hansı formada həyata keçirilməsinin bütün detalları araşdırmada yer alıb. Aldadılan qadınların daha çox Birləşmiş Krallığa gətirildiyi və ölkədə oturum icazəsi almaq istəyən Asiya mənşəli kişilərlə evləndikləri qeyd olunub.

“Yalan vədlərlə aldadılaraq İngiltərə və Şotlandiyaya gətirilən rumıniyalı, slovakiyalı yoxsul qadınlar, ölkədə oturum icazəsi almaq istəyən çinli, pakistanlı mühacirlərin xoş vədlərinə aldanaraq onlarla evlənirlər” – Avropa Polis Təşkilatının (Europol) insan qaçaqçılığı üzrə mübarizə şöbəsinin rəhbəri Anjelika Molnar BBC-yə açıqlamasında deyib: “Haqqında danışdığımız qadınlar Şərqi Avropanın nisbətən yoxsul ölkələri olan Rumıniya və Slovakiyadandır. Lakin söhbət təkcə bu ölkələrdən getmir, Şərqi Avropanın digər bölgələrindən də yoxsul qadınlar aldadılaraq qərbə gətirilir. Daha sonra həmin qadınlar inanaraq etibar etdikləri pakistanlı, çinli, hindli kişilərlə evlənirlər. Faciə də məhz bundan sonra başlayır. Bir müddət keçəndən sonra həmin qadınlar anlamağa başlayırlar ki, onlarla evlənən kişilərin əsas məqsədi yaşadıqları ölkədə ömürlük oturum icazəsi almaqdır”.

Şöbə rəhbərinin sözlərinə görə, sonraki proses daha acınacaqlıdır: “Çölə atılmaqdan qorxan qadınlar həmin Asiya mənşəli kişilərin quluna çevrilirlər. Onlar nə desələr, əməl etməyə məcbur qalırlar. Şantaj olunurlar. Və sonda pul qarşılığında digər kişilərə satılır, fahişəyə çevrilirlər”.

BBC telekanalının gizli çəkiliş qrupu mövzunu daha dərindən araşdırmaq üçün qadınların gətirildiyi yerə – Şərqi Avropaya gedib. Jurnalist Sem Polinq insan qaçaqçılarının gizli iş üsullarını, zəncirvari prosesi yerində öyrənib. Araşdırma nəticəsində məlum olub ki, qadınlar Qərbi Avropaya aparılmadan öncə “tranzit evlərə” yerləşdirilir.

BBC-nin çəkiliş qrupu Slovakiyanın şərqində yerləşən bu cür evlərdən birini tapa bilib. Qadınlar Şotlandiyaya aparılmadan əvvəl bir neçə gün bu evlərdə qalırlar. Saxta evliliyə məcbur edilən qurbanların xilas ola bilməsi üçün Slovakiya və Şotlandiyadakı rəsmilərlə yaxından çalışdığını deyən və özünü ictimai xadim olaraq tanıdan İves Oqiu, jurnalist Sem Polinqə həmin evlərdən birini göstərib.

Ətrafı hündür divarlarla hörülən “tranzit ev”lərin bütün qapı-pəncərələrinə kameraların quraşdırılması xüsusilə diqqət çəkib. Slovakiyalı xeyriyyəçi İves Oqiu buradakı bəzi qadınların nəinki pasportları, hətta şəxsiyyət vəsiqələrinin belə, olmadığını deyir.

“Lakin maraqlıdır ki, cəmi 24 saat içində alverçilər həmin qadınlara şəxsiyyət vəsiqəsi və pasport düzəldə bilirlər. Deməli, qadın qaçaqçılığı işinə dövlətdən də gizli yardımlar edilir. O zaman bu şəbəkəni tam olaraq üzə çıxarmaq olduqca qəlizdir”- İ.Oqiu bildirib.

Adı açıqlanmayan slovakiyalı gizli agent isə deyib ki, qadınlar “tranzit ev”də qalarkən cinayətkar şəbəkə onlara daha gözəl görünmələri üçün xüsusi geyimlər verir: “Baxmayaraq ki, qaldıqları yer bərbaddır, hətta su da yoxdur, ancaq yaxşı qiymətə satıla bilmələri üçün qadınların gözəl görünmələri vacibdir. Qaçaqçılar bunu nəzərə alaraq onlara pul xərcləməkdən çəkinmirlər”.

Jurnalist Sem Polinqin araşdırmasının yekununda bəlli olub ki, aldadılan qadınlar daha çox Şotlandiyaya aparılır. Şotlandiya hökumətinin rəsmi statistikasına görə, təkcə 2016-cı ildə 150 qadın insan alverinin qurbanına çevrilib. Həmin qadınlar hazırda fahişəliyin və narkomaniyanın əsiridirlər.

İngilis jurnalist hazırladığı reportajın sonunda şəxsi mövqeyini də yazıb. “Nədənsə bu iyrənc şəbəkənin işinə dövlətlər ciddi müdaxilə etmir. Cinayətkarlar cəzalandırılmır. Həmin qadınlara saxta pasportlar necə hazırlanır? Onlara bu sənədləri hansı dövlət qurumları verir? Bu suallara cavab tapmadıqca, ”insan alveri ilə mübarizə” sadəcə, saxta bir deyim olaraq qalmağa davam edəcək”, – Sem Polinq bildirib.

Sevinc TELMANQIZI,
“Yeni Müsavat”