Erdoğanın sonunun başlanğıcı gəldimi?

Ekrem İmamoğlunun qələbəsinin miqyası aydınlaşdıqca, tərəfdarları onun seçki qərargahına axışdı. Bayırda kameralar sıraya düzülmüşdü. Onların arasında, Prezident Recep Tayyip Erdoğanın əlinin altında olan dövlət televiziyası TRT də vardı.

Bir qadın əlində Ekrem İmamoğlunun şəkli əks olunmuş Türkiyə bayrağı ilə TRT kameramanına yaxınlaşdı. “İndi bizi çəkəcəksənmi?” o bağırdı. “Biz buradayıq, göstər bizi!”

Bu, illərcə boğulan müxalifətin hislərinin ifadəsi idi – Türkiyə dövlətində bütün orqanlara Türkiyənin güclü lideri nəzarət edir. Nəhayət, bu ölkənin bir hissəsi hiss edir ki, ağzını örtən ağır əl çəkilməkdədir.

Bələdiyyə seçkiləri çox az halda bu qədər böyük önəm daşıyır. Ancaq cənab Erdoğan son 25 ildə öz siyasi karyerasını qələbə və məğlubedilməzlik hisləri üzərində qurub.

O, İstanbulda doğulub, onun meri olub və bu onu 2003-cü ildə Baş nazir kimi, ondan 11 il sonra isə Prezident kimi hakimiyyətə gətirib.

Özünün dindar və mühafizəkar dəstəkçilərinin köməyilə Erdoğan Türkiyəni iqtisadi və sosial mənada dəyişib, mediadan tutmuş tikintiyədək bütün sahələr ona loyal insanlarla doldurulub.

Rally for Ekrem Imamoglu in IstanbulFotonun müəllifiREUTERS

Fəlakət gətirən səhv

Onun AK partiyası mart ayında İstanbulu cəmi 13 min səs fərqilə itirəndə Mərkəzi Seçki Komissiyası yeni seçkilər çağırdı. Komissiyanın hökumətin təzyiqilə AKP-nin seçkidə saxtakarlığa yol verilməsi barədə iddialarına boyun əydiyi deyilirdi.

“İstanbulu qazanan, Türkiyəni qazanmış olur “, ölkənin hər şeyə qadir Prezidenti dedi və güman etdi ki, bu, ona bir daha qələbə qazandıra bilər. Ancaq bu fəlakətli, yanlış hesablama idi.

Cənab İmamoğlu sürüşmə effektli qələbə qazandı – son 35 ildə İstanbulda bu nəticəylə mer seçkiləri görülməmişdi. Şəhərin mühafizəkar ərazisi Fatih (Göy Məscidin yaxınlığı, İstanbulun dindar hissəsi), Tuzla (hökumətin namizədi Binali Yildirimin seçki dairəsi) və Üsküdar (Prezident Erdoğanın yaşadığı yer) – hamısı cənab İmamoğlunu dəstəklədi. Bəs o buna necə nail oldu?

Bu sualın cavabı onun plakatlarındakı bircə sözdədir: Ümid.

AKP onu hər şeyə bənzətmişdi: terrorçu, çevrilişi dəstəkləyən, fırıldaqçı, yunan, hətta Misirin avtokrat Prezidenti, Erdoğanın qatı düşməni Sisinin bənzəri… O isə böhtanlara gülümsəməklə cavab verirdi.

Ekrem ImamogluFotonun müəllifiREUTERS

Öz rəqiblərilə də işləyəcəyinə söz verən İmamoğlu, bütov Türkiyə və yaşıl, korrupsiyadan, nepotizmdən xali, ədalətli İstanbul yaradacağını dedi.

Mart ayındakı seçkilərdən sonra, nəticələr ləğv olunanadək keçən 18 gün ərzində onun komandası 4 milyard dollar defisiti aşkara çıxardı. Bu defisitin səbəbi əsasən Prezident Erdoğanın ailəsilə əlaqəli dövlət tenderleri idi.

İmamoğlunun qələbəsi İstanbulda zəlzələ təsiri yarada biləcək qədər güclüdür.

Bəs bu Erdoğanın sonunun başlanğıcıdırmı?

Müxalifət artıq qalib gəlməyə qadir olduğunu hiss edir və bunu növbəti prezident və parlament seçkilərində təcrübədən keçirəcək. Seçkilər 2023-cü ildə keçiriləcək, amma AKP-nin sarsıdıcı məğlubiyyətindən sonra daha tez keçirilməsi mümkündür.

Cənab İmamoğlu İstanbulda, Beylikdüzündə dəstəkçilərini salamlayırFotonun müəllifiREUTERS

Quzğunlar artıq havada dövrə vurmaqdadır: keçmiş prezident və keçmiş Baş nazir yeni partiya yaratmağa hazırlaşırlar. Bu isə Erdoğanın onsuz da azalmaqda olan seçici bazasının dağılması deməkdir.

Cənab Erdoğanın avtoritarlığı artdıqca, onun daxili çevrəsi də daralıb. Onun varisi yoxdur, hazırkı Maliyyə Naziri olan kürəkənində isə Erdoğandakı xarizma yoxdur. Yaratdığı və böyütdüyü AK partiyası isə onsuz şikəst qala bilər.

Prezident Erdoğanın sonunun başlaması barədə pıçıltılar artmaqdadır. Ancaq sonu gəlsə belə, heç kim onun müqavimət göstərəcəyinə şübhə etmir – bir əsrin dörddə birini adlamış Erdoğançılığı söküb atmaq çox uzun çəkə bilər.

Türkiyə cəmiyyəti son illərdə çox əzişdirilib, söz azadlığı, ədliyyə müstəqilliyi və insan haqları çox geriləyib. Ancaq müxalifətin bir ümidi heç zaman solmayıb – bu ümid azad seçkilərdir. Türkiyə demokratiyası hələ ki, yaşayır.