Ermənilər bu gün Tərtər rayonunda bayram etdi – FOTOLAR

Bəs biz nə vaxt hansısa bölgəmizin bütövlükdə azadlıq gününü qeyd edəcəyik?..

Bu gün- iyunun 28-də ermənilər Azərbaycanın 26 ildir ki, işğal altında qalan Ağdərə şəhərində  bayram tədbirləri keçiriblər.
Moderator.az xəbər verir ki, separatçı erməni nəşrlərinin yaydığı məlumata görə, buna səbəb həmin şəhərin Azərbaycanın nəzarətindən çıxarılmasının 26-cı ildönümü olub.  İnzibati cəhətdən Tərtər rayonuna daxil olan Ağdərənin faktiki sakinləri işğalçı erməni əsgərlərinə qoyulmuş abidəni ziyarət edib, mədəniyyət sarayında konsertə tamaşa ediblər.
Xatırladaq ki,  Ağdərə 1991-1992-ci illərdə Azərbaycanın eyniadlı rayonunun mərkəzi olub. Sovet dövründə əsasən ermənilərin məskunlaşdırıldığı bu rayon və şəhər “Mardakert” adlanıb.
Ağdərə rayonu Dağlıq Qarabağdakı bir çox ərazilər kimi Qarabağ müharibəsinin başlanğıcında erməni silahli qüvvələrinin nəzarəti altına keçib. 1992-ci ilin iyulunda Azərbaycan ordusu tərəfindən rayon mərkəzi və bir çox kəndlər azad edilib. 1992-ci ilin oktyabrında Azərbaycan hökumətinin qərarı ilə Ağdərə rayonu ləğv edilərək, ərazisi Dağlıq Qarabağa aid olmayan üç rayon — Tərtər, Ağdam, Kəlbəcər rayonları arasında bölünüb.
1 il boyunca Ağdərə şəhəri ətrafındakı kəndlərdə və yüksəkliklərdə aramsız döyüşlər gedib. Lakin 1993-cü ildə Azərbaycanda 4 iyun Gəncə olayları baş verib. Ölkədə yaranmış hərc-mərclikdən məharətlə istifadə edən erməni ordusu 1993-cü il iyunun sonundan iyulun 7-dək  Ağdərə şəhərini və rayonun bir çox kəndlərini yenidən işğal edib. Hal-hazırda keçmiş Ağdərə rayonun bir neçə kəndi Azərbaycanın nəzarətində olsa da, Ağdərə şəhəri də daxil olmaqla bir çox əraziləri ermənilərin nəzarəti altındadır.
1991-1993-cü illərdə Ağdərə ərazisinin azad edilməsi və müdafiəsi uğrunda yüzlərlə oğul-qızımız şəhid olub, minlərlə döyüşçümüz yaralanıb, əlil olub.
Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə cansağlığı diləyirik…
 
P.S. Bəs biz nə vaxt hansısa bölgəmizin bütövlükdə azadlıq gününü qeyd edəcəyik?..